Uncategorized

IP telefoniya nədir və necə işləyir?

IP telefoniya nədir və necə işləyir?

Gəlin əvvəlcə səsdən danışaq.  Hər gün eşitdiyimiz səslər analoq səslərdir. Bir sözlə, real vaxtda duyma organları ilə qəbul etdiyimiz informasiya analoq informasiyadır.

Rəqəmsal səs isə səs dalğasını təsvir edən və analoq siqnala çevirmədən birbaşa eşidə bilməyəcəyimiz koordinatlar toplusudur.

Analoq telefoniya səsi analoq elektrik siqnalına çevirir və telefon naqilləri ilə ötürür. Telefon xəttləri bütün abonentlər haqqında məlumatların yer aldığı ATS ilə telefonlar arasında vasitəçi rolu oynayır.

IP telefoniya (Internet protocol telephony) informasiya ötürmək üçün ənənəvi telefon şəbəkəsi və analoq formatdan deyil, internet və rəqəmsal datalardan istifadə edən səsli rabitə texnologiyasıdır. Zəng paketlər şəklində lokal şəbəkə (LAN) və ya internet üzərindən ötürülür. Bunun sayəsində sürət və siqnal ötürülməsi keyfiyyəti daha artıq olur.

1990-cı illərin ortalarından başlayaraq, İnternet və TCP/IP protokolu demək olar ki, bütün məlumatların ötürülməsi üçün vasitə oldu və standart telefon cihazlarını əvəz etməyə başladı. Bu gün telekommunikasiya operatorları bütün səs xidmətlərini təmin etmək üçün IP infrastrukturundan getdikcə daha çox istifadə edir. Dünyanın əksər böyük şirkətləri də artıq öz işçilərini səsli rabitə ilə təmin etmək üçün analoq telefondan VoIP-yə (Voice over IP – “IP üzərindən səs”) keçiblər.

IP-telefoniya necə işləyir?

IP telefoniyadan istifadə edərək zəng etdiyiniz zaman servis analoq audio siqnalını rəqəmsal siqnala çevirir, bundan sonra səs məlumatları əvvəlcə ATS-ə (PBX), sonra isə zəngin son alıcısına göndərilir. Yəni alqoritm belə görünür:

IP telefoniya proqramı və ya adapter səs dalğalarını rəqəmsal səsə çevirir;
Şəbəkə vasitəsilə rəqəmsal səs siqnalı IP telefoniya serverinə göndərilir;
Mini ATS və ya VoIP provayder zəngi qəbul edir və onu digər abunəçiyə yönləndirir;
Abunəçiyə zəng gəlir, rəqəmsal dalğalar yenidən analoq səsə çevrilir (bildiyimiz adi səs).

Bu proses demək olar ki, dərhal baş verir, buna görə də IP telefoniyanın səs keyfiyyəti digər rabitə üsullarından daha yaxşıdır.  IP telefoniya nədir və necə işləyir barədə artıq məlumatınız var. 

IP-telefoniya qoşulmasının üstünlükləri

Qənaət. Digər şəhərlərə və ya ölkələrə zəng etməli olduğunuz zaman fərq xüsusilə nəzərə çarpır, belə ki şəhərlər arası və beynəlxalq telefon danışıqları xərclərindən azad olursunuz.
Uzaqdan işin sadələşməsi. Çoxlu sayda ofis və filialları olan şirkətlər üçün işçilər arasında yaxşı ünsiyyətin təmin edilməsi məsələsi kifayət qədər aktuallaşır. Və İP telefoniyanın quraşdırılması uzun illərdir ki bu problemin ən yaxşı həlli hesab olunur.
Funksionallıq. IP-telefoniyanın quraşdırılması sizə telefonla ucuz və rahat ünsiyyət qurmağı təmin etməklə yanaşı, bu cür ünsiyyətin imkanlarını genişləndirməyə də kömək edəcək. Əlavə xidmətlərin köməyi ilə siz səsli poçt, səs qarşılama, zənglərin yazılması və ip mini ATS sisteminə icazəsi olan istifadəçilərin həmin səs yazılarına qulaq asması, konfranslar və s. qura bilərsiniz.
Sadə qoşulma. Adi telefoniyadan fərqli olaraq, İP bağlantısı qurarkən hər daxili nömrə üçün ayrıca telefon kabeli çəkmək və çoxlu bahalı avadanlıq quraşdırmaq lazım deyil. Bütün qoşulma prosesi çox az vaxt tələb edir və bütün avadanlıq minimum yer tutur. Abonentlər öz aralarında bütün ofislərdə olan simli və ya simsiz kompüter şəbəkəsi vasitəsi ilə əlaqə saxlaya bilirlər. Ofis daxilində əməkdaşların yerləri dəyişdikdə “hansı telefon kabeli kimin idi” kimi suallarla cavab axtarmalı olmursunuz. İP mini atslərdə hansı nömrənin kimdə olması kabellərlə təyin olunmur. Daxili nömrələr telefonların yaddaşına yazılır.
Rahatlıq. Hazırda ofisinizdə olan analoq mini ats sistemini İP mini ATS sisteminə asanlıqla qoşa bilərsiniz. Bu da o deməkdir ki, siz ofisinizdəki analoq mini ATS-i yeni İP mini ATS sisteminə mərhələli şəkildə keçirə bilərsiniz. Bununla da böyük şirkətlər yeni sistemə keçmə xərclərini hissələrə bölmüş olur.
ATS birliyi. Böyük şirkətlər eyni anda bir neçə telefon stansiyasına qoşulduqları üçün tez-tez rabitə problemləri ilə üzləşirlər. IP-telefoniya quraşdıraraq, onlar birləşdirilə və zənglərin yönləndirilməsini xeyli sadələşdirə bilər.
Sistemin bütün avadanlıqları SIP protokolu ilə yanaşı TCP-IP protokolunu istifadə etdikləri üçün istənilən proqram təminatı və sistemlər ilə inteqrasiyası mümkündür.
Bir İP telefona birdən çox daxili nömrə təyin oluna bilir.
Şirkətin öz saytı vasitəsilə belə müştərilərdən zəng qəbul edə bilmə imkanı.
Hətta masaüstü telefon belə almayıb kompüterinizə xüsusi “softphone” proqramı yazmaqla kompüterinizi telefon kimi istifadə edə bilərsiniz.

IP telefoniya: necə qoşulmalı və bunun üçün nə lazımdır

IP telefoniya nədir və necə işləyir sualına cavab tapandan sonra və bu yeni rabitə metodunun bütün üstünlükləri ilə tanış olduqdan sonra həm böyük, həm də kiçik şirkətlərin bir çox sahibləri dərhal bir sual ilə qarşılaşırlar: ofisdə IP-telefoniyanı necə quraşdırmaq olar. Qoşulma xüsusiyyətləri aşağıdakı amillərdən asılı olacaq: 

Operator seçimi. İstifadə rahatlığı və rabitə keyfiyyəti birbaşa operatorunuzun texniki hazırlığından asılı olacaq, ona görə də onun seçiminə xüsusi diqqət yetirilməlidir.

İnternetin mövcudluğu. IP-telefoniyaya qoşulmaq üçün ofisi ən azı 1 Mbit/s sürətlə daimi internet bağlantısı ilə təmin etmək lazımdır.

Avadanlıqların mövcudluğu. Hər bir şirkətin ölçüsündən və ehtiyaclarından asılı olaraq İP telefoniyanı təşkil etməyin bir neçə yolu var:

 – Ən ucuz yol IP-telefoniyaya kompüter vasitəsilə qoşulmaqdır. Bunun üçün sadəcə onun üzərinə  “Softphone” proqramı quraşdırmaq və qoşulmaq lazımdır.

 – Siz həmçinin bir smartfon vasitəsilə IP-telefoniyadan istifadə edə bilərsiniz, bunun üçün bir sıra xüsusi proqramlar da var.

 – Bununla belə, IP-telefoniyanın quraşdırılması üçün ən yaxşı variant etibarlılığın, siqnal keyfiyyətinin və istifadənin asanlığının ən yaxşı göstəriciləri ilə seçilən xüsusi IP telefonlardan istifadə etməkdir.

Ofisdə İP-telefoniyaya necə qoşulmaq və qiyməti barədə ətraflı məlumatı düyməni sıxaraq bizə sorğu yazaraq öyrənə bilərsiniz.

Mütəxəssislərimiz bütün istəklərinizi nəzərə alaraq sizin üçün ən uyğun olan əlaqə növünü seçməyə kömək edəcəklər.

ATS ilə mini ATS-in fərqi

ATS ona qoşulu olan abonentlərə fərdi nömrələr verməklə onların bir-birlərilə əlaqə saxlamasını təmin edən mərkəzləşmiş telefon sistemidir. ATS-in yerləşdiyi məkan isə telefon qovşağı adlanır. Misal olaraq hamımızın evində olan şəhər nömrələrini göstərmək olar. Düzdür, mobil zənglər və internet ucuzlaşdıqca demək olar ki, evdə şəhər nömrəsinə ehtiyac qalmır, lakin şirkətlər üçün şəhər nömrələri hələ də kifayət qədər aktualdır.

Mini ATS isə ona qoşulu olan abonentlərə şəhər nömrələri əvəzinə daxili nömrə paylayan telefon sistemidir. Daxili nömrələr adətən 3 və ya 4 rəqəmdən ibarət olur. Mini ATS-ə şəhər və ya mobil nömrə qoşulduqda bu daxili nömrələrdən istənilən digər şəhər və mobil nömrələrə zənglər etmək və gələn zəngləri lazımı daxili nömrələrə yönləndirilməsi, əməkdaşların bu daxili nömrələr vasitəsilə öz aralarında şəhər nömrəsinə ehtiyac olmadan zəng edə bilmələri və s. kimi ehtiyacları təmin edir. Mini ATS-lərin 2 növü var:  Analoq və İP Mini ATSlər.

Analoq ATS-lərdən danışmayacayıq, çünkü onlar artıq tarixə qovuşmaq üzrədirlər. Düzdür, hazırda Azərbaycanda hələ də analoq telefoniyadan istifadə edən şirkətlər kifayət qədər var, lakin onlar IP telefoniyanın onların biznesinə verə biləcəyi faydaları bilmədikləri üçün hələ də istifadə etməyə çalışdıqları analoq mini ATS-ləri yeni nəsil IP mini ats-lərə dəyişmək barədə fikirləşmirlər.

IP Mini ATS-lər həm avadanlıq, həm də proqram təminatı formasında olur. Avadanlıq formasında hazır gələn İP Mini ATS-lərin üstünlüyü avadanlığı işə saldıqdan sonra özünüzə uyğun sazlamaları edəndən sonra ATS işləməyə hazır olur. Lakin bu kimi İP Mini ATSlər hansısa marka və ya şirkət tərəfindən hazırlandığı üçün istehsalçının müəyyən qayda və qadağalarına əməl etmək lazım olur. Məsələn Yeastar markasının My PBX S20 İP Mini ATS-ində qoyulan qadağalar paralel zəng sayının 20 olmasıdır. Cisco kimi daha bahalı markaların avadanlıqlarında isə demək olar ki, hər  bir funksiya üçün lisenziya və ya texniki dəstək abunəliyi almaq tələb olunur. Lakin limiti sizin istifadə etdiyiniz serverin gücü ilə müəyyən olunan Asterisk və Asterisk bazasında hazırlanmış freepbx kimi proqram təminatı İP Mini ATS-lər də var. Bu mini ATSləri siz istənilən kompüter və ya serverə yazıb tam pulsuz istifadə edə bilərsiniz. Proqram təminatı İP mini ATS-lərə neçə şəhər, neçə daxili nömrə qoşa bilməyiniz və eyni vaxtda neçə paralel zəng edə bilməyiniz yalnızca sizin proqram təminatı İP mini ats-i yazdığınız avadanlığın (kompüter, noutbuk və ya server) fiziki gücündən və işləmə sürətindən asılıdır.

Ubiquiti LiteBeam M5 LBE-M5-23 Buy at a Cheap Price in Dubai Online Store
Yeastar TA200 Analog Telephone Adapter Dubai Online Store
HP LaserJet Pro MFP M130fw (G3Q60A) Printer

IRIX şirkəti dünyaca məşhur olan FANVIL və YEASTAR brendlərinin Azərbaycan üzrə rəsmi distribütoru, CISCO brendinin rəsmi partnyorudur. Eləcə də YEALINK və GRANDSTREAM IP mini ATS-lərin və IP telefonların idxalı və topdan satışını edir.

Digər faydalı məlumatlar

İP telefon İP mini ATS vasitəsi ilə ona qoşulmuş digər daxili nömrələrə, eləcə də ATS-inizə qoşduğunuz şəhər və ya mobil nömrələr vasitəsi ilə istənilən şəhər və mobil nömrələrə zəng etməyə və gələn zənglərə cavab verməyə imkan verir. Bu telefonlar adi analoq telefon kabelləri ilə deyil, şəbəkə kabelləri ilə qoşulur. Ip telefonların kamera ilə təchiz olunmuş modelləri ilə nəyinki audio, həm də video zəng və konfranslar etmək mümkündür. Bu telefonların ən çox istifadə olunanları POE funksiyasını dəstəkləyənləridir.

Softphone – İP telefonların proqram təminatı versiyasıdır. İP telefon funksiyalı bir çox müxəlif softphone proqramlar vardır. Bu proqramlardan pulsuz olanları da var. Bu proqramları öz kompüter, noutbuk və ya İOS/Android mobil telefonunuza yükləməklə onları ip telefon kimi istifadə edə bilirsiniz.

Zəng mərkəzi qulaqlıqları – Əgər siz ip telefon işlədirsinizsə və zənglərin sayı çoxdursa onda bu qulaqlıqlar əsl sizin üçündür. Bu qulaqlıqların tək və iki qulaqlı, adi və simsiz versiyarlı var. Bu qulaqlıqların adi kompüter qulaqlıqlarından fərqləri 3.5” Audio giriş əvəzinə analoq telefonlarda olan RJ-9 telefon girişinin olmasıdır. İP telefonların da üzərdində bu kimi qulaqlıqları qoşmaq üçün müvafiq giriş yeri olur. Əgər siz softphone işlədirsinizsə o zaman 3.5” audio giriş və ya USB ilə qoşula bilən adi istənilən mikrofonluq qulaqlıqdan da istifadə edə bilərsiniz.

FXO Gateway – Çoxlarımızın evində və ya ofisində olan adi telefon kabeli vasitəsi ilə çəkilmiş analoq şəhər nömrələrinin İP mini ATSə qoşula bilməsini təmin edən vasitəçi avadanlıqdır. Bu avadanlıqlar 1, 2, 4, 8, 16 girişli olurlar. Məsələn: əgər sizin ofisdə 2 şəhər nömrəsi varsa, onları İP mini ATS-ə qoşmaq üçün sizə ən az 2 telefon girişi olan FXO gateway almaq lazım gələcək. Lakin artıq Azərbaycanda bəzi telekom və hətta internet provayder şirkətləri SİP şəhər nömrələri xidməti göstərməyə başlayıblar. Əgər sizin ofis nömrənizin dəyişməsinin sizin üçün problemi yoxdursa və ya sizin şirkət yenidirsə onda siz sip nömrə əldə etməklə həm əlavə kabel və çəkiliş xərcindən azad ola bilərsiniz, həm də FXO avadanlıq almağa ehtiyac qalmadan aldığınız sip nömrələri İP mini ATS-inizə qoşa bilərsiniz. SİP nömrənin ən böyük üstünlüyü isə ofisinizi dəyişən zaman nömrənin dəyişməsi problemindən birdəfəlik qurtulmuş olmanızdır. Çünkü SİP nömrələri internet olan istənilən yerdə istifadə edə bilərsiniz. Düzdü təhlükəsizlik səbəblərini bəhanə gətirərək Azərbaycandakı provayderlər SİP nömrələrini yalnız Azərbaycan İP-lərindən istifadə etməyə icazə verirlər, lakin provayderin bu kimi limitləri olmazsa siz həmin Azərbaycan nömrəsini dünyanın internet olan istənilən nöqtəsində də istifadə edə bilərsiniz.

FXS Gateway – FXS gateway-lərin də 1, 2, 4, 8, 16, 24, 32 çıxışlı növləri olur. FXS gateway-in rolu FXO gateway ilə çox oxşardır. Fərqi isə FXS gateway-lər analoq şəhər nömrələrini deyil, Mini ATS-dən istifadə edən ofislərdə gördüyünüz analoq daxili nömrələri İP mini ATS-ə qoşmağa imkan verir. Məsələn: sizin ofisdə hazırda 1 analoq ATS və 16 nəfər əməkdaş var və hər birinin də fərqli daxili nömrələri var. (məs. 101, 102, …, 115). Siz işlətdiyiniz analoq mini ATS-inizi İP mini ATS ilə əvəz etmək istəsəniz,  hazırda işlətdiyiniz analoq stolüstü telefonlar əvəzinə İP telefon almalısınız (İP telefonlar analoq telefonlardan baha olduğu üçün bəzən şirkətlər bu xərcdən qaçınmağa çalışırlar). Əgər siz də İP mini ATS-ə keçmək istəyirsinizsə amma büdcəniz hamı üçün ip telefon almağa imkan vermirsə FXS gateway almaqla bu məsələni həll etmiş olacaqsınız.

GSM Gateway – Əgər FXO və FXS gateway haqqında məlumatla artıq tanış olmusunuzsa təxmin edəcəksiniz ki, bu avadanlıqlar da mobil nömrələri İP Mini ATS-ə qoşmaq üçün nəzərdə tutulub. GSM gateway-lərin də 1, 2, 4, 8 girişli növləri olur.

Mətnlə bölüşməq yalnız mənbəni qeyd etməklə mümkündür. Bütün hüquqlar qorunur©

IP-telefoniyanın nə olduğu və necə işlədiyi barədə tez-tez verilən suallar

- IP telefoniya nədir?

IP-telefoniya (Internet Protocol telephony) adi telefon kabeli ilə deyil, internet vasitəsilə həyata keçirilən rabitə üsuludur.

- IP telefoniya necə işləyir?

Cihaz IP telefoniya servisinə qoşulur və təyin edilmiş IP ünvanı ilə İnternetə daxil olur;

Nömrə yığarkən İP telefoniya servisi əlaqə yaradır və Sessiya Başlama Protokolu və ya SIP kimi media çatdırılma protokolları vasitəsilə şəbəkə üzərindən məlumat paketləri mübadiləsinə başlayır.

Cihazınız məlumat paketlərini operatorların telefonda və ya kompüter qulaqlığı vasitəsilə eşidə biləcəyi audioya çevirir.

- İP telefon nədir?

Bir və ya birdən çox (əsasən 6dək) daxili nömrə qoşulma imkanı olan stolüstü ip telefondur. Analoq telefondan fərqi telefon kabeli əvəzinə şəbəkə kabeli vasitəsi ilə məlumat ötürməsidir. POE və non POE növləri vardır. Zənglərin yönləndirilməsi, xəttə gözlətmə və s. kimi ən çox lazım olan funksiyalar üçün üzərində hazır düymələr olur və bu düymələrin funksiyaları istifadəçinin istəyinə görə dəyişdirilə bilir.

- Softphone nədir?

İP telefonun proqram təminatı versiyasıdır. Demək olar ki, bütün məşhur sistemləri (Windows, Linux, IOS, Android) ilə işləyən softphone proqram təminatları var. Ən yaxşı xəbər isə budur ki, bunların əksəriyyəti pulsuzdur.

- İP telefoniya ilə adi telefoniya arasındakı fərq nədir?

İP telefoniya ilə adi telefoniya arasındakı əsas fərqlər ötürülən məlumatların formatı və ötürülmə üsuludur. IP telefoniya analoq deyil, daha etibarlı rəqəmsal məlumat formatından istifadə edir. Və bu məlumatlar adi telefon kabeli ilə deyil, İnternet kanalı ilə ötürülür.

- IP-telefoniya kimə lazımdır?

Çox vaxt IP-telefoniya xidmətləri böyük şirkətlər tərəfindən istifadə olunur, onlara yüksək keyfiyyətli və etibarlı rabitə kanalı təmin etmək vacibdir. Bununla belə, bu tip kommunikasiyanın sadəliyi və mövcudluğu səbəbindən tez-tez həm kiçik müəssisələr, həm də adi ev istifadəçiləri tərəfindən istifadə olunur.

- IP telefoniyaya qoşulmaq neçiyədir?

İP telefoniyaya qoşulma dəyəri tələb olunan giriş nöqtələrinin sayından, avadanlığın mövcudluğundan və hazırlığından və müştərinin xüsusi istəklərindən asılı olaraq dəyişə bilər. Buna görə də, mütəxəssislərimiz yalnız sifarişin bütün detalları ilə tanış olduqdan sonra yekun qiyməti deyə bilər.

Bir cavab yazın