Kompüteri yeniləmək vaxtıdır?
Kompüteri yeniləmək nə vaxt lazımdır sualı ilə qarşılaşmısınızsa bu bloq sizin üçün faydalı olacaq. Müasir
dövrümüzdə insanların texnologiyadan asılılığı o qədər artıb ki, nəinki şəhərlərdə, hətta ucqar
rayonlarda belə artıq texnologiyanın bizlərə bəxş etdiyi kompüter və noutbuklardan istifadə etməyən çox az
insan tapılar.
Qərb dünyası ilə müqayisədə Azərbaycanda kompüterlər bir qədər gec, 20-ci əsrin 50-ci
illərindən başlayaraq mürəkkəb elmi və mühəndis hesablamaları üçün ancaq elmi laboratoriyalarda istifadə
edilirdisə, hal-hazırda kompüterlər Şirkətlərin əsas vəsaitlərindən biri olmaqla yanaşı hər bir evin vazkeçilməz
avadanlığına çevrilib. Kompütersiz insan həyatını müasir dövrdə təsəvvür etmək çətindir, ətrafımızda baş
verən bütün proseslərdə komputerlərin rolu əvəzsizdir. Ən çox da Covid-19 pandemiya dövründə
kompüterlərdən necə asılı olduğumuzun şahidi olduq. Bütün iş, təhsil həyatı onlayna keçdiyi dövrdə evdən
oturaraq ən vacib işlərimizi, şagirdlər, tələbələr dərslərini kompüterlə rahatlıqla idarə edirdilər.
Bu qədər önəmli bir avadanlığın istifadə müddəti nə qədərdir, kompüterinizi yeniləməyin vaxtıdırmı deyə
suallar çoxlarını maraqlandırır. Kompüteri yeniləmək mövzusu bəzən sual olmaqdan ziyadə kompüterin
işləməsi real olaraq qarşımıza əngəllər çıxarmaqla aktuallaşır. Ümumiyyətlə, kompüter və ya noutbukunuz
xarab olmayıbsa onu təkmilləşdirib gücləndirməyə ehtiyac varmı? Kompüter və ya noutbukları hansı
hallarda yeniləməliyik və ya gücləndirməliyik mövzusunda bu günkü bloq yazımızda ətraflı danışmaq istərdik.
İstər masaüstü kompüter, istərsə də noutbuk olsun, hər bir avadanlığın istifadə müddəti olduğu kimi
kompüterlərin də istifadə müddəti var. Normalda masaüstü kompüter və noutbuklara təxmini 3-5 il istifadə
müddəti təyin edilir, bu müddət daha uzun da ola bilər. Xəstələnmədikcə həkimə getmədiyimiz kimi, bir
avadanlıq da problem çıxarmadığı müddətcə onu yeniləyib təkmilləşdirməyi bir çoxlarımız düşünmürük.
Ancaq bu hal kompüterlərə aid olmamalıdır. Çünki texnologiyalar çox sürətlə yenilənir, əməliyyat
sistemlərinin, proqram təminatlarının funksiyaları yeniləndikcə mövcud kompüterimizin ehtiyat hissələri
tələblərə tam cavab vermir, ən yaxşı halda kompüterin iş prinsipi və performansı zəifləyir, donmalar baş
verir və ya təmamilə əməliyyat sistemini və ya proqramı dəstəkləmir.
Kompüteri yeniləmək dedikdə yenisini almaqla yanaşı ehtiyyat hissələrinin daha müasir və güclü versiyaları ilə
gücləndirilib təkmilləşdirilməsi nəzərdə tutula bilər. Hansı hallarda təkmilləşmə işə yarayır?
Kompüteriniz gec açılırsa;
Tətbiqlərin və ya proqramların yüklənməsi uzun zaman tələb edirsə;
Kompüterinizin yaddaşı bitmişdirsə;
Müxtəlif proqramlarda işləyərkən kompüteriniz donursa;
Kompüteriniz işləyərkən səs verir və qızırsa;
Qrafik tətbiqləri və oyunları dəstəkləmirsə və s.
Əgər kompüteriniz çox köhnə nəsil deyilsə bu zaman yuxarıda qeyd olunanlar adətən ehtiyat hissələri
yenilənərkən həll oluna biləcək texniki problemlərdir . RAM, CPU, video kartı (GPU), HDD və ya SSD kimi
komponentləri yeni nəsillisi və daha güclüsü ilə əvəz edərək, bu problemləri asanlıqla aradan qaldıra
bilərsiniz. Lakin bir çox hallarda komputeri tamamilə dəyişdirmək daha ucuz və sərfəli olur. Məsələn, yeni
nəsil prosessorlar (CPU) köhnə anakartlara (motherboard) uyğun gəlməyə bilər, bu səbəbdən də
təkmilləşdirmələr yenisi ilə əvəz etməklə müqayisədə daha bahalı ola bilər.
Kompüterinizdə işləyərkən böyük həcmli faylların açılmasında çətinlik çəkirsinizsə, bir neçə anda müxtəlif
proqramlar açarkən gecikmələr olursa, internet brauzerdə müxtəlif səhifələr açarkən kompüteriniz donursa
operativ yaddaş (RAM) həcminiz zəif olduğunu göstərir, bu zaman yeni və ya daha yüksək həcmli RAM
quraşdırmaq, edə biləcəyiniz ən asan təkmilləşdirmələrdən biridir.
Əgər Siz çoxlu qrafik emal edən proqramlar, tətbiqlər, oyunlar istifadə edirsinizsə, mükəmməl performans
üçün təkmilləşdirə biləcəyiniz ən vacib avadanlıq video kartdır (GPU). Son illərdə oyunlar qrafik olaraq daha
realist hala gəldiyi üçün sürətli video kart tələb edir. Adobe Premiere Pro, AutoCAD, Adobe Photoshop və s.
kimi qrafik proqramları istifadə edərkən donmalar olursa və ya yeni versiyalarını yükləyə bilmirsinizsə,
video kartınızın yenilənməsinin zamanı gəlib deməkdir. Qeyd olunan bu tip proqramlardan istifadə
etmirsinizsə, adi ofis proqramları və gündəlik istifadə üçün yenilənmə edirsinizsə video kartı yeniləməyə
gərək yoxdur, video kart bu halda kompüterin ümumi performansına təsir etməyəcək, yeni nəsili əlavə
etməklə sadəcə əlavə xərc yaradacaqsınız.
Bir öncəki bloq yazımızda HDD və SSD-nin xüsusiyyətləri, işləmə prinsipləri və üstün və fərqli cəhətləri
barəsində məlumat vermişdik. Bildiyiniz kimi, bu hissələrin hər biri yaddaş qurğusu olsa da SSD daha yeni
texnologiya olduğu üçün daha sürətli, səssiz və etibarlıdır. Bu səbəbdən kompüterin yaddaşının artırılması
zamanı daha çox SSD yaddaş cihazına üstünlük verilir. Kompüterin yaddaş qurğusunu HDD-dən SSD-yə
dəyişərkən açılma vaxtı 2 dəqiqədən 20-25 saniyəyə qədər azalaraq işləmə sürəti güclənə bilir.
Ehtiyat hissələrinin yenilənib müasirləri ilə əvəzləşdirilməsi işinizin yüngülləşdirilməsinə daha az xərclə yaxşı
nəticə əldə etmənizə imkan yaradacaqdır. Lakin bir sıra hallar var ki, yeni komputerin əldə olunması daha
məqsədəuyğundur və vacibdir. Yeni komputer əldə etməyi tələb edən hallar barədə növbəti bloq
yazılarımızda məlumat verəcəyik.
Yekun olaraq qeyd edək ki, kompüterinizi nə zaman təkmilləşdirib gücləndirmənizi düşünmək üçün bir çox
səbəblər var. Bu yazımızda məqsədimiz qısa da olsa Sizlərdə ilkin təsəvvür yaratmaq və qərar verməyə
kömək etməkdir.
Bəs Siz kompüterinizi ən son nə zaman yeniləmisiniz? Yenisini almağı planlaşdırırsınız, yoxsa ehtiyat
hissələrini təkmilləşdirəcəksiniz? Şərhlərdə bizə bildirərək məsləhət ala bilərsiniz.
Onu da qeyd etmək istərdik ki, texnologiyaya yatırım etmədən öncə ətraflı düşünməkdə fayda vardır. İstər təkmilləşdirmə,
istərsə də yeni kompüter, noutbuk və ya hər hansı bir avadanlığın satınalınması Sizin uzunmüddətli
strategiyanızı dəstəkləməlidir. Əks halda, büdcənizi boşuna xərcləmiş olarsınız. Uzunmüddətli İT
strategiyasında və proseslərdə boşluqlar varsa İRİX komandasının professional əməkdaşları bir zəng və
mesaj qədər Sizə yaxındır və Siz ən yaxşı həll yollarını əldə edəcəyinizdən əmin ola bilərsiniz.